Koreyadan olan GaryeonHan və Korean netizens ləqəbli həvəskar şəxslər 10.000 tətbiqdən ibarət siyahı təqdim ediblər və onlar güman edirlər ki, siyahıdakı tətbiqlərin performansları çox güman ki, Samsung Game Optimizing Service (GOS) tərəfindən süni şəkildə aşağı salınır. Güman olunur ki, bu proses cihazların çalışma müddətlərinin uzadılması üçün reallaşdırılır. Təqdim edilmiş siyanıda oyunlarla yanaşı həmçinin Instagram, TikTok, Microsoft Office paketi, Netflix və s. kimi məşhur tətbiqlər də var. Bu problem həmçinin Samsung-un öz tətbiqlərini də əhatə edir. Buna misal olaraq Secure Folder, Samsung Cloud, Samsung Pay, Samsung Pass və s. tətbiqləri gətirmək olar. Maraqlısı ondadır ki, siyahıda 3DMark, AnTuTu, PCMark, GFXBench və Geekbench 5 kimi bençmarkların tətbiqləri yoxdur.
Koreyalı istifadəçilərdən biri 3DMark paketinin adını Genshin Impact-a dəyişib. Qeyd etmək lazımdır ki, süni şəkildə performansları aşağı salınan tətbiqlər siyahısında həmçinin Genshin Impact oyunu da var. Bu kiçik təcrübə nəticəsində adı dəyişdirilmiş bençmark tətbiqinin göstəricilərində dəyişiklik müşahidə edilib. Belə ki, bençmark tərəfindən verilən ballar və ortalama kadr tezliyi aşağı düşüb. Qeyd etmək lazımdır ki, GOS tətbiqi heç də bütün Samsung smartfonlarında quraşdırılmayıb. Android Authority saytının jurnalistləri icmallarda istifadə edilmiş Galaxy S22 smartfonlarında həmin tətbiqi aşkar edə bilməyiblər. Bunun yerinə onlar GOS tətbiqini Galaxy Store-da aşkar ediblər. Lakin onu smartfonlara quraşdırmaq mümkün olmayıb.
Bir tərəfdən istehsalçının performans ilə cihazın çalışma müddəti arasındakı müəyyən balansı axtarması anlaşılandır. Lakin digər tərəfdən performansları süni şəkildə aşağı endirilən tətbiqlər siyahısında bençmarkların olmaması şübhəli haldır. Çox güman ki, Samsung cihazlarının bəzi istifadəçiləri öz cihazlarından gözlədikləri performansı əldə edə bilmirlər. Buna bənzər hadisə keçən il OnePlus 9 seriyası ilə baş vermişdi. Belə ki, şirkət öz smartfonlarında bençmark tətbiqlərindən başqa digər tətbiqlərin performanslarını optimizasiya edirdi. Nəticədə şirkət Geekbench reytinqindən xaric edilmişdi. Samsung artıq bu məsələyə reaksiya verib və qeyd edib ki, o bu məsələ ilə bağlı şirkət daxilində ciddi istintaq aparır.