Redmi brendi Redmi 10 smartfon seriyasını yeni model ilə genişləndirib. Belə ki, Redmi 10C smartfonu təqdim edilib. Arxa panelin diqqət çəkən dizayn ilə birlikdə sözügedən smartfon Snapdragon prosessorunu, 50 MP-lik əsas kameranı və böyük həcmli batareyanı əldə edib. Redmi 10C smartfonu Full HD+ keyfiyyətli 6.71 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşən kamera sahəsinə inteqrasiya edilib. Yəni smartfonun arxa panelində yerləşən kvadrat formalı xüsusi sahə özündə həm kameraları həm də barmaq izi skanını birləşdirir.
Qeyd etmək lazımdır ki, Redmi 10C smartfonu 5G dəstəyinə sahib deyil. Əsas texniki göstəricilər baxımından smartfon 6 nanometrlik Snapdragon 680 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. Redmi 10C artıq bəzi regionlarda satışa çıxıb. 64 GB yaddaşa sahib model 188$-a, 128 GB yaddaşa sahib model isə 209$-a satılır.