1. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanmasının təmin olunması hüququna malikdir.
Malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanması həmin obyektlərin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını, satışı üçün müvafiq dövlət orqanından razılıq alınması tələb olunduqda belə razılığın alınmasını, həmin nüsxələri yaymaq hüququnun verildiyini təsdiq edir.
Nəzarət markası ilə markalanma tələbi istehlakçıların təhrif edilməmiş və dəyişikliyə məruz qalmamış, müəyyən edilmiş əxlaqi və mənəvi dəyərlərə uyğun hazırlanmış mallardan, məmulatlardan və məlumat materiallarından istifadə hüququnun təmin edilməsinə xidmət edir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Aşağıdakıların nəzarət markası ilə markalanması tələb olunur:
dərman vasitələri;
audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektləri;
dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.
Satıcı (istehsalçı, icraçı) istehlakçıya qanunla nəzərdə tutulmuş hallarda nəzarət markası ilə markalanmış malları, məmulatları və məlumat materiallarını verməlidir. Nəzarət markası ilə markalanmamış malların, məmulatların və məlumat materiallarının yayılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
2. İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir.
Əgər istifadə edilməsi vətəndaşların həyatına, sağlamlığına və əmlakına, habelə, ətraf mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır.
3. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi, istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir.
İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə borcludur.
4. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır.
5. Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər), qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir.
Bu bənddə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə tələblərin pozulmasına görə məsuliyyət, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.
6. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir.
Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər.
Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.
7. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı) həmin qaydalar pozulmaqla satılmış mallardan əldə etdiyi gəliri Dövlət büdcəsinə köçürür.
8. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı, vətəndaşların həyatının, sağlamlığının, əmlakının, həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə cavab verməsini təsdiq etmək və dövlət ekspertizasından keçirmək üçün, həmin malın normativ sənədlərini müvafiq orqana təqdim etməlidir.
9. İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya məlumat verməyə borcludur.