1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Satıcı ( icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.
3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir.
4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır.
6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.
7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir.
8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.